Announcement


Milli Azərbaycan Tarixi Muzeyi “Azərbaycan Şirvanşahlar dövləti” sərgisinə dəvət edir

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Şirvanşahlar dövləti” sərgisinin açılışı mərasimi keçirilib. Sərginin kuratoru Muzeyin şöbə müdiri, “Xəzər Universiteti”nin Tarix və Arxeologiya Departamentinin müəllimi t.ü.f.d. Səbuhi Əhmədovdur.

Qeyd etmək lazımdır ki, orta əsr Azərbaycan tarixində xüsusi yeri və rolu olan Şirvanşahlar dövlətinə həsr olunmuş sərgi respublikada ilk dəfədir ki, təşkil olunur. Sərgidə muzeyin fondlarında qorunan 225 eksponatın böyük əksəriyyəti də indiyənədək nümayiş olunmayıb. Sərgidə əsasən Bakı, Şamaxı, Şabran, Dərbənd və digər ərazilərdə aparılmış arxeoloji qazıntılarda, həmçinin muzeyin sualtı arxeologiya tədqiqat qrupu tərəfindən Xəzərin sularında aşkar edilmiş materiallar göstərilir. Eksponatlar sırasında keramika məmulatları, mis, tunc, gümüş və ağac əşyalar, parçalar, silahlar, bir neçə hakimiyyət rəmzi diqqəti cəlb edir. “Şirvanşahlar dövlətinin inzibati quruluşu və dövlətçilik ənənələri”, “Hərb işi”, “Dənizçilik”, “Sənətkarlıq və ticarət”, “Şəhərlər”, “Elm və mədəniyyət” adlı mövzular əsasında tərtib edilmiş 25 məlumat panelində dövlətin daxili və xarici həyatı nümayiş olunur. Burada yazılı məlumatla bərabər sxemlər, rəsmlər təqdim edilir. Sərgidə qurulmuş monitorda dünya muzeylərində qorunan və Şirvanşahlar dövlətinə aid edilən eksponatların fotoşəkilləri göstərilir. Sərginin mühüm eksponatlarından IX-XVI əsrlərdə Şirvanın müxtəlif şəhərlərində və müxtəlif Şirvanşahlar adından zərb edilmiş 80 gümüş sikkədir.

Sərgi Milli Azərbaycan Tarixi Muzeyinin Sərgi zalında keçirilir və 2018-ci il mayın 15-dək davam edəcək. Sərgi həftənin I – V günləri işləyir, sərgiyə giriş pulsuzdur.