“Xəzər” niyə müqəddəs təhsil ocağıdır?!

11-ci sinifdə oxuyurdum. Dostluq etdiyim bir qohumum isə adını çəkmək istəmədiyim bir universitetin tələbəsi idi. Elə hey deyirdi ki, məktəbi qurtar, dərs oxumaqdan canın qurtarsın. Universitetdə nə oxumaq, bütün gün kef eləyirsən. Mən də bu ümidlərlə məktəbi bitirib, Xəzər Universitetinə daxil oldum. O qohumumun dediyi kimi, dərslərə laqeyd yanaşdım, günüm bufetdə keçdi. Bir də ayıldım ki, 2-ci kursdayam və 10 fəndən 8-dən kəsilmişəm. Gördüm ki, yox. Bura qohumumun dediyi yer deyil. Açığı buna bir az sevindim də... Çünki məktəbdə yaxşı oxumuşdum və düşündüm ki, 11 ildə çəkdiyim zəhməti puç eləməməliyəm. Oxumağa başladım və tələbə həyatım qaydasına düşdü.

Dəqiq yadımdadır. Xəzər Universitetinin 2-ci kurs tələbəsi idim. Atam dünyasını yenicə dəyişmişdi. Universitet təhsil haqqına güzəşt etmişdi, amma yenə də anamın təhsil haqqını ödəməkdə çətinlik çəkdiyini bilirdim. İş axtarmağa başladım. Nərimanovda yerləşən bir qəzetin redaksiyasından məni işə dəvət etdilər. Gedib baş redaktorla görüşdüm. Yayın cırhacırı idi. Baş redaktor dedi ki, maliyyəmiz çox azdır. Hələlik sənə qonorar verə bilməyəcəyik, mümkünsə təmənnasız yaz... Cibimdəki son 20 qəpiklə oradan ümidsiz şəkildə uzaqlaşdım. Dəhşətli dərəcədə susamışdım. Mağazanın yanından keçəndə tərəddüd etməyə başladım: Cibimdəki 20 qəpiklə su alım və “Əhmədli”dəki evimizə piyada gedim, yoxsa avtobusa minim və evə qədər susuz dözüm?! Mənim üçün kədərli olan bu əhvalatı niyə xatırladım?! Çünki bu əhvalat pulsuzluqdan çəkdiyim əziyyətin sonuncusu idi.

Elə həmin il, Hamlet İsaxanlı məni Xəzər Universitetində işə götürdü. Bu, necə oldu: Facebook sosial şəbəkəsinin yenicə tanınmağa başladığı vaxtlar idi. Mənim həvəskar kompüter biliklərim olduğu üçün, görüşlərin birində Hamlet müəllimə təklif etdim ki, universitetin öz sosial şəbəkəsini yaradaq. O da, yeniliklərə maraqlı adam olduğu üçün, təbii ki, təklifimi qəbul etdi və bunun üçün mənə lazım olan bütün texniki və maddi dəstəyin göstərilməsini tapşırdı. Hətta mənə otaq da ayırdı. Sonralar Xəzər Universitetinin radiosunu təsis etdi və bir müddət sonra radio bir az da böyüyərək universitet daxilində bir quruma çevrildi: Elektron Media Mərkəzi. Mən də bu mərkəzin icraçı direktoru təyin edildim. Xəzər Universitetində işləyə-işləyə paralel olaraq öz elektron biznesimi qurdum və həyatım dəyişdi: Maşın aldım, ev tikdim və evləndim. Evlənməyim də Xəzər Universiteti ilə bağlıdır: Yoldaşım bu universitetdə dərs deyirdi.

Bir əhvalatı xatırlayıram: “Xəzər”də təhsilimin 5-ci ilidir və mənim 3-4 kəsrim var. Xəzər Universitetinin işçisiyəm və açığı, Hamlet İsaxanlı tərəfindən özümə qarşı səmimi münasibət hiss edirəm. Bundan ürəklənərək, qərara gəldim ki, işlə bağlı Hamlet müəllimlə görüşəndə, ondan xahiş edim ki, kəsrlərimin aradan qaldırılmasında mənə kömək etsin. Görüşdük. Həmişəki kimi, iş söhbətinə keçməzdən əvvəl hal-əhval tutdu (bunu bütün işçilərilə edir) və soruşdu ki, universiteti nə vaxt bitirirəm?! Bundan gözəl məqam ola bilməzdi. Boynumu büküb dedim ki, 3-4 kəsrim var. Həyəcanla gözləyirəm ki, Hamlet müəllim deyəcək ki, narahat olma, sən bizim işçimizsən, müəllimlər kömək edər, keçərsən... O isə baxışlarını bir qədər də ciddiləşdirərək, dilləndi: “Hə, oxumaq lazımdır...”. Açığı bu səhnədən sonra, ağlıma belə bir şey gətirdiyimə görə, özümdən çox utandım.

Xəzər Universiteti müqəddəs təhsil ocağıdır. Niyə müqəddəs? Rüşvətdən, tapşırıqdan, çirkdən-çirkabdan uzaq, dedi-qodudan, intriqalardan uzaq bir yerdir. Xəzər Universiteti rüşvətə qarşı çox amansızdır. Hətta ən sevimli, ən adlı-sanlı, ən savadlı müəllim də bu qaydanı pozarsa, rəhbərlik düşünmədən onu işindən uzaqlaşdırır. Rüşvət verən də, rüşvət alan da universitetdən xaric olunur.

Universitet tələbələrə qarşı çox demokratikdir. Tələbə və rəhbərlik arasında –başqa yerlərdə olduğu kimi –Çin səddi yoxdur. Hər kəs azad şəkildə öz fikrini ifadə edə bilir. Universitetin rektoru və dekanlar daim tələbələrlə ünsiyyətdədir. Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı iş otağına gedərkən, dəhlizdə bütün tələbələrlə salamlaşır, işçilərlə görüşür, sözü olan tələbələri dinləyir.

Dekandan tutmuş ən kiçik iş icraçısına qədər, hər kəs Hamlet müəllimin qəfil qonaq ola biləcəyinə alışıqdır.

Hamlet müəllim dəfələrlə mənim 5-ci mərtəbədə olan səliqəsiz otağımda qonaq olub. Ədəbiyyatdan, təhsildən danışmışıq. Bu boyda təhsil ocağını idarə edən, ilin yarısını xarici səfərlərdə olan bir adam ən yeni ədəbi nəslin, demək olar ki, əksər nümayəndələrini tanıyır, izləyir.

Bu cür adamın Xəzər Universiteti kimi şəffaf bir təhsil ocağı yaratması təəccüblü deyil. Xəzər Universiteti insanlıq məktəbidir. Burada tələbələ yalnız elm yox, həm də müasirlik, dünyəvilik aşılanır. “Xəzər”in tələbələri sərbəst mühitdə formalaşırlar, səmimi olmağı bacarırlar. “Xəzər”in ən böyük uğurlarından biri də məhz budur.

Alik Əlioğlu

Film about Khazar University