“Chip Azərbaycan” jurnalında Xəzər Universiteti haqqında məqalə dərc olunub

Azərbaycanda və dünyada texnologiya, sosial media, elektron ticarət, rəqəmsal marketinq və startap sahələrində baş verən ən son yenilikləri Azərbaycan dilində öz istifadəçi kütləsinə çatdıran yerli informasiya saytı olan chip.az saytı 2018-ci ilin dekabr ayından artıq öz jurnal variantı - “Chip Azərbaycan”ın nəşrinə başlamışdır.

Jurnalın ilk sayında “Xəzər Universiteti” adlı məqalə verilmişdir (səh. 32-33). Fotolarla müşayiət olunan məqalə Xəzər Universiteti haqqında dolğun məlumatla başlanır, universitetin Azərbaycan təhsil mühitində qabaqcıl ali məktəb olduğu, ölkənin hüdudlarından kənarda da tanındığı vurğulanır.

Məqalənin əsas hissəsi universitetin Elektronika və telekommunikasiya mühəndisliyi departamentinin təqdimatından ibarətdir. Departamentin fəaliyyəti, təklif etdiyi proqramlar, elmi tədqiqat işləri və onları yerinə yetirilməsi üçün qurulan müasir laboratoriyalar haqqında ətraflı məlumat verilir. Tələbələrin texnologiyanın inkişafına təkan verəcək cihaz və aparatlar hazırlamaq bacarığından bəhs edilir və bir neçə tələbənin konkret ixtiraları nümunə kimi göstərilir.

Məqalənin sonunda yenə ümumilikdə universitetdən söhbət açılır və qeyd olunur ki, “Xəzər Universiteti öz orijinal təhsil modeli ilə, tətbiq etdiyi tədris proqrramlarının müasirliyi, verdiyi təhsilin keyfiyyəti və ciddiliyi ilə həm Azərbaycanda, həm də Azərbaycandan kənarda hörmət və nüfuz qazanmaqdadır.

Jurnalın gələcəkdə elektron versiyasının təqdim olunması da nəzərdə tutulur.

Film about Khazar University