Şəkidə tanınmış ziyalı, riyaziyyatçı-alim, şair Hamlet İsaxanlı ilə görüş oldu

2018-ci il martın 13-də Şəki Dövlət Dram teatrında Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının həyat və yaradıcılığına həsr edilmiş “Bu dünyaya nə gətirdim” adlı ədəbi-bədii gecə keçirildi. Gecəyə dəvət olunan qonaqlar əvvəlcə foyedə nümayiş etdirilən foto-sərgi ilə tanış oldular. Musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqovanın rəhbərlik etdiyi Xəzər Universitetinin Kamera Orkestrinin, respublikanın xalq artistləri Azər Zeynalov, Alim Qasımov, əməkdar artistlər Elza Seyidcahan, Fərid Əliyev, Fərqanə Qasımova və Rasimə Seyidcahanın ifasında Hamlet İsaxanlının sözlərinə bəstələnmiş mahnılar ifa olundu. Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən “Dünya” məktəbinin müəllimlərinin səsləndirdiyi şeirləri salondakılar alqışlarla qarşıladılar.

Tədbirin sonunda professor Hamlet İsaxanlı sürəkli alqışlar altında səhnəyə dəvət edildi. H.İsaxanlı çıxış edərək, yüksək səviyyədə təşkil olunan tədbirə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə, Şəki şəhər ictimaiyyətinə və tədbirin həyata keçirilməsində zəhməti olan hər kəsə dərin təşəkkürünü bildirdi. O, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova Xəzər Universiteti adından hədiyyə təqdim etdi. Sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı E.Usubov Professor İsaxanlının həyat və yaradıcılığına həsr edilmiş maraqlı gecəyə görə şəxsən Hamlet İsaxanlıya, Xəzər Universitetinin kollektivinə dərin təşəkkürünü bildirdi, öz adından və şəhər administrasiyası adından Hamlet İsaxanlıya hədiyyələrini təqdim etdi.

Tədbirdən sonra Xəzər Universiteti tərəfindən Şəkidəki restoranlardan birində ziyafət verildi.

Film about Khazar University