Professor Hamlet İsaxanlı elmi-praktiki seminarda

2018-ci il fevralın 6-da Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən “Feyk elmi və akademik etika: müasir çağırışlar və yeni institutların inkişafı” mövzusunda elmi-praktiki seminarda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı spiker olaraq çıxış etdi.

ADİU-nun professoru Zahid Məmmədovun moderator olduğu seminarda spikerlər İstanbul Universitetinin prorektoru professor Sedat Murat, BDU-nun “Kriminalistika və məhkəmə ekspertizası” kafedrasının müdiri professor Kamil Səlimov, “Applied and Computation Mathematics” beynəlxalq jurnalının aparıcı redaktoru (2002-2017) olaraq çalışmış professor Yusif Qasımov müasir elmin inkişafında bibliometriya və elmmetriyanın artırılması, saxta tədqiqat bazarı və ona qarşı mübarizə tədbirləri, zibil və yırtıcı jurnallara qarşı mübarizə, saxta yollarla bibliometriya artırmaq və ona qarşı tədbirlər, İndeks Hirş artırma texnologiyası və imitasiya elminin inkişafı, elm və təhsilin vəhdəti problemləri, elmin nəticələrinin nəşrində etik prinsiplər, elmi nəşrlərdə plagiat və ona qarşı mübarizə tədbirləri, elmi ekspertiza nəticələrinin keyfiyyəti, zəif məqalələrin güclü elmi jurnallara yol tapması halları, ADİU-da plagiata qarşı tədbirlər, ADİU-da anti-plagiat proqramının fəaliyyəti və ADİU-də elmi etikanın qorunmasına yönəlik addımlarla bağlı müzakirə mövzuları ətrafında fikir mübadiləsi apardılar.