Görkəmli alimin yeni kitabının təqdimatı

Fevralın 2-də Xəzər Universitetinin Mərmər salonunda dünyada tanınan alim, qeyri-səlis məntiq nəzəriyyəsi, süni intellekt üzrə ən güclü mütəxəssislərdən biri olan professor Rafiq Əliyevin qərarqəbuletmə nəzəriyyəsi ilə bağlı ABŞ-da çapdan çıxmış növbəti kitabının təqdimat mərasimi keçirildi.

Sayca professorun 75-ci elmi monoqrafiyası olan “Uncertain computation based decision theory” (“Qeyri müəyyən hesablamalar əsasında qərar qəbuletmə nəzəriyyəsi”) adlı kitab dünyanın məşhur elmi nəşriyyatlarından biri olan “World Scientific” nəşriyyatında işıq üzü görüb. Qeyd edək ki, adı çəkilən nəşriyyat yalnız dünya standartlarına cavab verən elmi nəşrlərin çapında maraqlıdır. Həmyerlimizin bu kitabı da ABŞ-dan tutmuş dünyanın bir çox yerlərində qərar qəbuletmə ilə məşğul olan mütəxəssislərə dərs vəsaiti kimi tədris ediləcək.

Tədbiri giriş nitqi ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, alimin böyük elmi uğurlarından danışdı.

Mərasimdə şair Ramiz Rövşən, özbəkistanlı alim akademik Nadırbek Sadiqbekov, jurnalist, publisist Qulu Məhərrəmli, Durham Universitetinin (Böyük Britaniya) tələbəsi, professor Rafiq Əliyevin nəvəsi - Rafiq Rəşad oğlu Əliyev çıxış edərək, alimin çoxşaxəli elmi fəaliyyətinin müxtəlif cəhətlərindən bəhs etdilər. Professor Rafiq Əliyev çıxışında kitabın yazılma tarixçəsindən danışdı, təqdimat mərasiminin təşkilinə görə universitetin rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirdi.

Mərasimdə Xəzər Universitetinin Kamera orkestrinin ifasında musiqi nömrələri səsləndi, Rafiq Əliyevin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı film nümunələri nümayiş etdirildi.