Malayziya Perlis Universitetinin nümayəndə heyəti Xəzər Universitetində oldu

2017-ci il noyabrın 22-də Malayziya Perlis Universitetinin akademik və administrativ işçiləri və tələbələrindən ibarət olan heyət Xəzər Universitetinin “Neftçilər” kampusunda qonaq oldular.

Tədbirin əsas məqsədi iki universitet arasında əməkdaşlıq əlaqələrinin qurulması, anlaşma memorandumunun imzalanması və hər iki universitetin tələbə-liderlərinin görüşü idi. Beynəlxalq Əlaqələr Şöbəsinin təşkil etdiyi görüşdə Malayziyanın Azərbaycandakı səfiri cənab Dato Roslan Tan Sri Abdul Rahman, səfirin birinci katibi xanım Azri Hazwani Abdul Aziz, səfirin tərcüməçisi xanım Mövlanə Məmmədzadə və Perlis əyalətinin şahzadəsi və Malayziya Perlis Universitetinin rektoru Tuanku Syed Faizuddin Putra İbni Tuanku Syed Sirajuddin Jamalullail, universitetin akademik və administrativ işçiləri və tələbələri iştirak edirdilər. Xəzər Universitetindən rektor Dr. Hassan Niknafs, Akademik işlər üzrə prorektor professor Məhəmməd Nuriyev, Elmi işlər üzrə prorektor Dr. İradə Xəlilova, İctimaiyyətlə əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Beynəlxalq Əlaqələr Şöbəsinin heyəti və Xəzər Universitetinin Mühəndəslik və tətbiqi elmlər fakültəsinin akademik və administrativ işçi heyəti, müəllim və tələbələri iştirak edirdilər.

Giriş sözü ilə tədbiri Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Turan Cəfərova açdı, tədbirin gündəliyini nəzərdən keçirdi və qonaqları salamlamaq üçün sözü Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafsa verdi. Rektor qonaqları salamlayaraq, görüşün əhəmiyyətini vurğuladı və iki universitet arasında gələcək əməkdaşlıq planları haqqında danışdı. Daha sonra söz Perlis əyalətinin şahzadəsi və Malayziya Perlis Universitetinin rektoru Tuanku Syed Faizuddin Putra İbni Tuanku Syed Sirajuddin Jamalullailə verildi. Malayziya Perlis Universitetinin rektoru Xəzər Universitetinə ən xoş arzularını çatdırdı və tədbirin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirdi, həmçinin bu tədbirin iki universitetin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Malayziyanın Azərbaycandakı səfiri cənab Dato Roslan Tan Sri Abdul Rahman səfirliyin Xəzər Universiteti ilə təhsil sahəsində olan əməkdaşlığı haqqında danışdı. Səfir Malayziya Perlis Universitetinin ölkənin mühəndislik sahəsində mütəxəssis hazırlayan aparıcı dövlət universitetlərindən biri olduğunu vurğulayaraq, bildirdi ki, gələcəkdə Malayziyanın digər ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasında dəstək göstərəcək.

Tədbirdə hər iki universitetin nümayəndələri universitetləri haqqında təqdimatlarla çıxış etdilər. Təqdimatlardan sonra fikir mübadiləsi aparmaq və hər iki tərəfdən olan iştirakçıların suallarını cavablandırmaq üçün sual-cavab sessiyası keçirildi. Müzakirədən sonra universitetlər arasında anlaşma memorandumu imzalandı.

Qısa çay fasiləsindən sonra tədbir iki universitetin tələbələrinin çıxışları ilə davam etdi. Malayziyanın Perlis Universitetinin tələbələri bu səfərdən çox məmnun qaldıqlarını və yeni dostlar qazandıqlarını bildirdilər. Xəzər Universitetinin Mühəndislik və tətbiqi elmlər fakültəsində təhsil alan yerli və əcnəbi tələbələr də öz təəssüratlarını bölüşdülər.

Tədbirin sonunda Xəzər Universitetindən Malayziya Perlis Universitetinin rəhbərliyinə və tələbələrinə xatirə hədiyyələri təqdim olundu. Qonaqlar da həmçinin Xəzər Universitetin rəhbərliyinə xatirə hədiyyələrini təqdim etdilər.

Tədbirin yekunu olaraq, qonaqlar üçün Xəzər Universitetin “Neftçilər” kampusunda ekskursiya təşkil olundu. Ekskursiya zamanı qonaqlar Xəzər Universitetinin kitabxanası, mədəniyyət mərkəzi, komtüper mərkəzləri və laboratoriyalar ilə tanış oldular.