AESOP Erasmus+ layihəsinin növbəti görüşü Xəzər Universitetində keçirildi

2017-ci il sentyabrın 21-22-də Xəzər Universitetində Erasmus+ “Tələbələrin ombudsman vəzifəsi ilə hüquqi bazasının yaradılması” (“Advocacy Establishment for Students through Ombudsman Position” - AESOP) layihəsi çərçivəsində növbəti görüş keçirildi. Görüşdə layihənin regional tərəfdaşları olan Xəzər Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Universiteti, Akaki Tsereteli Dövlət Universiteti (Gürcüstan), Qafqaz Universiteti (Gürcüstan), Gürcüstan Amerika Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti və Kiyev Milli İqtisad Universitetinin nümayəndələri, həmçinin, İngiltərənin Middlesex Universiteti, Polşanın Varşava Universiteti, İtaliyanın Laquila Universitetini və Finlandiyanın Jyväskylä Universiteinin nümayəndələri də iştirak etdilər.

Giriş sözü ilə qonaqları salamlayan Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı tələbələrin universitetlərin fəaliyyətlərində mühüm rol oynadığından danışdı və AESOP layihəsinin iştirakçılarına uğurlar arzuladı. Akaki Tsereteli Dövlət Universitetinin rektoru professor George Gavtadze və Gürcüstan Amerika Universitetinin rektoru Robert Michael Cowgill mövzu ətrafında çıxış etdilər.

Görüş zamanı regional tərəfdaş universitetlərin nümayəndələri Avropa universitetlərinə səfərləri zamanı əldə etdikləri təcrübələrdən və onları öz yerli universitetlərinə necə tətbiq edəcəkləri haqqında danışdılar. Görüşün birinci günü müzakirələrlə sona çatdı.

Görüşdən sonra qonaqlar Xəzər Universitetinin “Dünya” konsert salonunda Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində UNESCO-nun Sülh artisti, pianoçu Elisso Bolkradzenin iştirakı ilə konsertdə iştirak etdilər.

Görüşün ikinci günü layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər və maliyyə məsələləri müzakirə olundu.

Görüşün sonunda qonaqlar üçün “Atəşgah” od məbədinə və Yanardağa tur təşkil olundu.