Milli geyim mərkəzi


Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər, onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Geyimlər maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətini əks etdirir.

Özünəməxsus geyim tərzi ilə fərqlənən  Azərbaycan xalqının da maraqlı geyim üslubu var:

Çəpkən - çiyinüstü, astarlı və yalançı qollara malik olan qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən və bir neçə növ ipək parçalardan tikilirdi.

Ləbbadə - çiyinüstü üst gödəkçəsidir. Bu geyim sırıqlı astarda olur, tirmədən, məxmərdən və başqa parçalardan tikilirdi.

Güləcə - qadın çiyinüstü üst geyimidir. Bu geyim astarlı olur və tirmədən, məxmərdən tikilirdi.

Baharı - sırıqlı astarda qadın çiyinüstü üst geyimidir. Əsasən məxmərdən tikilirdi. 

Kürdü - qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən tikilirdi, xəz dəri və sıx naxışlarla bəzədilirdi. 

Eşmək - qadın sırıqlı üst geyimidir, tirmədən və məxmərdən tikilirdi. Bu geyimin yaxası, ətəyi və qolları safsar xəzdərisilə, qızılı şəbəkə torla və şəridlə bəzədilirdi. 

Qadın bel üst geyimi - bir neçə tumandan, cütbalaqdan və çaxçurdan ibarət idi.

Qaba - kişi çiyinüstü üst geyimidir və əsasən tirmədən tikilirdi.

Çuxa - içi tüklü qoyun dərisindən tikilmiş düyməsiz, naxışlı şubadır.

XVII əsrdə yaxın Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınan Azərbaycanda  Şirvan əyaləti  ən iri ipəkçilik rayonu idi. Bu da xalqımızın rəngarəng parça növlərindən hazırlanan geyimlərə üstünlük verməsinə gətirib çıxarmışdı.

Xəzər Universitetində yaradılan Milli Geyim Mərkəzi də yuxarıda sadalanan geyim növlərini tələbələrə tanıtmaq, sevdirmək məqsidi ilə yaradılmışdır. Mərkəzdə tələbələrə bu geyimləri öz əlləri ilə hazırlamaq üçün şərait də yaradılmışdır. Belə ki, Mərkəzdə qorunan geyimlərin böyük əksəriyyətini universitetin tələbələri böyük həvəslə “Milli Geyimlər üçün Tikiş Dərnəyi”ndə hazırlamışlar.

Xalq yaradıcılığının tarixi və etnoqrafik xüsusiyyətlərini bu geyimlərdə əks etdirməyə çalışan tələbələrin hazırladıqları geyimlərlə Xəzər Universitetinin oğlan və qızlardan ibarət rəqs ansambılı bir çox ölkələrdə xalqımızı uğurla təmsil edir.

Özünün qədim tarixi, maddi-mədəniyyət abidələri ,incəsənəti ilə fərqlənən Azərbaycan xalqına məxsus sərvəti-  milli geyimləri toplayan mərkəz daim zənginləşir, inkişaf edir.