Mərkəzlər


Siyasət Institutu

Xəzər Universitetinin Siyasət İnstitutu siyasətlə bağlı tədqiqat, təhlil və təhsil məsələləri ilə məşğul olan müstəqil və bitərəf institutdur. Bu siyasət yönümlü tədqiqat institutu Xəzər Universitetində 2004-cü ilin sentyabrında Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzi və Siyasi Elmlər departamenti əsasında təsis edilmişdir.

İnstitut müxtəlif dövlət rəsmilərinin, diplomat və alimlərin iştirakı ilə müntəzəm konfrans, seminar və müzakirələr, həmçinin, böhran simulyasiyası üzrə tələbələrin iştirakı ilə illik konfranslar  keçirir. Siyasət İnstitutu yerli və xarici məruzəçilər, tədqiqat qrupları, konfrans və praktika da daxil olmaqla geniş çeşiddə proqram və resurslar təklif edir.




2010-cu ilin Mayın 9-da   Xəzər Universiteti və ATƏT-in birgə layihəsi əsasında Xəzər Universitetində ATƏT Model konfransı keçirilmişdir. Ölkənin ilk ATƏT Model konfransında Azərbaycanın 12 universitetinin 60-dan çox tələbəsi iştirak etmişdir.

2005-2006-cı ildə Siyasət İnstitutu Britaniya Konsulluğu ilə bu konsulluğun dünyavi “Gələcəklə bağlantı”  proqramı çərçivəsində “Birlikdə yaşamaq” layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlığa cəlb edilib. Bu layihə zamanı İnstitut Azərbaycanın müxtəlif rayonlarından  olan gənclər üçün münaqişənin həllinə dair bir sıra seminarlar keçirib. Bunlardan biri də  Ermənistan, Azərbaycan, Gürcüstan və Şimali İrlandiyadan olan gənclər üçün təlimçilərin əsas təlimi adlı seminar olmuşdu.

  “Azərbaycanın gələcəyinin modelləşdirilməsi: Meyl və imkanların araşdırılması” mövzusunda 2005-ci il 18-19 iyul tarixdə keçirilmiş ikigünlük seminarda Azərbaycanın mühüm dövlət məsələləri ilə bağlı meyl və imkanların araşdırılmasına həsr olunmuş müzakirələrdə dövlət siyasətinin öyrənilməsi ilə bağlı 60-dək alim, praktikant, tələbə, eləcə də hökumət rəsmiləri və vətəndaş vətəndaş cəmiyyəti liderləri iştirak etmişlər. Konfrans Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi və Xəzər Universitetinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir 2005-ci ilin 30 aprelində İkinci İllik Böhran Simulyasiya məşğələsi  keçirilmiş və Bakının dörd ali məktəbinin 70-ə yaxın tələbəsi həmin məşğələdə iştirak tmişdir.

Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Slavyan Universitetinin tələbələrindən ibarət yeddi komanda Cənubi Qafqazda simulyativ böhranı həll etmək üçün roloyunu oyunda  Milli Təhlükəsizlik Şurasını (MTŞ) təqlid etmişlər. Məşğələ İngilis dilində keçirilmişdir.2004-cü ilin 22-26 Noyabrında Xəzər Universitetinin Siyasət İnstitutu  Azərbaycanda siyasi problemləri necə həll etməli mövzusunun siyasi təhlili ilə əlaqədar olaraq Birinci İllik İcraedici Təhsil seminarını keçirdi. Bu unikal seminar Azərbaycan Avrasiya Fondu  və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin himayəsi altında problemin müəyyənləşdirilməsi, siyasətin formalaşdırılması və qərar qəbul etmə məsələlərini inamla və səmərəli həll etmək üçün hökumət və dövlət sektorunun rəhbərləri və analitikləri, eləcə də müəllim və tələbələri əsas biliklərlə təmin etmək məqsədilə keçirilmişdir. Vaşinqtonda yerləşən Amerika Universitetinin Dövlət və Dövlət İdarəçiliyi üzrə  professoru Dr. Beril Radinin rəhbərlik etdiyi bu seminarda 25 dövlət məmuru və siyasi analitiklər, QHT rəhbərləri, Azərbaycan və Gürcüstan müəllim heyəti və yuxarı kurs tələbələri iştirak etmişlər.





Xəzər Universiteti Tərcümə Araşdırmaları Mərkəzi

Xəzər Universiteti Tərcümə Araşdırmaları Mərkəzi 27 aprel 2000-ci ildə yaradılmışdır. Mərkəzin əsas məqsədi akademik, bədii, fəlsəfi və texniki əsərləri müxtəlif müasir dillərdən Azərbaycan dilinə çevirməkdir. Azərbaycan mədəniyyətinin bir çox qiymətli nümunələrinin də başqa dillərə tərcüməsi nəzərdə tutulur. Mərkəz  tərcümənin tədqiqi və tədrisi işlərinə də cəlb olunur.

Tərcüməçilik tədqiqatın fərqli sahələrində çalışan alimlər arasında əməkdaşlıq üçün imkanların yaranmasına səbəb olaraq özlüyündə bənzərsiz bir tədqiqat formalaşdırır.

Xəzər Universiteti Tərcümə Araşdırmaları Mərkəzi artıq tədqiqatçıların və tələbələrin təhsil aldıqları və tərcüməçiliklə məşğul olduqları elmi orqana çevrilib.Tərcümə Araşdırmaları Mərkəzi peşəkar tərcüməçilərlə yanaşı gənc tərcüməçiləri də mərkəzin işlərinə cəlb edir, tərcümənin müxtəlif sahələrinə dair nəzəri-praktik konfranslar keçirir.  Mərkəz həmçinin   Dilçilik, Ədəbi tərcümə, Tərcümə və poeziya, Tərcümə nəzəriyyəsi və vasitələri və sairə kimi mövzularda müzakirələr aparır. Xəzər Universiteti Tərcümə Araşdırmaları Mərkəzi təlimlər vasitəsilə tələbələrə peşəkar dil bacarıqlarını artırmağa və istifadə etməyə imkan verir. Tərcümə Araşdırmaları Mərkəzi universitetin digər akademik və araşdırma mərkəzləri ilə yaxından əməkdaşlıq edir.  Mərkəz təkcə bədii tərcümə deyil, kommersiya və hüquqi tərcümə ilə də məşğul olur.

Xəzər Universiteti Tərcümə Araşdırmaları Mərkəzi Xəzər Universitetinin Nəşriyyatı ilə birlikdə  bir neçə layihəsini həyata keçirir. Bu layihələrin bir qismi ABŞ-ın maliyyə dəstəyi ilə həyata keçirilir. Tərcümə olunan kitabların siyahısına aşağıdakılar daxildir:

  • Tadeuş Svietochoivski “Rusiya və Azərbaycan: sərhədyanı keçid"
  • M. L. Stein, Susan Paterno “Müxbirin məlumat kitabçası: jurnalistikaya giriş "
  • Ray Eldon Hiebert, Donald F. Ungurait, Thomas W. Bohn "KİV: müasir kommunikasiyaya giriş".
  • Hovard Cincotta, Deborah Conn, Serena Kim, Megan Loftus "Amerika müsəlmanları"

Mərkəzin tərcüməçiləri hal-hazırda Hafiz Paşayevin "Yuxarılara qədər qalxarkən" əsərinin üzərində işləyirlər. Yeni tərcümə layihəsi 2005-ci ildə başlamışdır.  Tərcüməçi qrup o cümlədən Hamlet İsaxanlı tərəfindən hazırlanan "Poetik tərcümələr: 1-ci Toplu"-su nəşr edilmişdir.



 




Hüquq Tədris Mərkəzi

2013-cü ilin yanvar ayında ABŞ İnkişaf Agentliyi (USAİD) və Xəzər Universitetinin dəstəyi ilə “Azərbaycan Hüquq Konsorsiumu” layihəsi çərçivəsində yaradılmışdır.  Ümumi məqsədlər -  hüququn aliliyinin, vətəndaşların hüquqlarının və maraqlarının daha yaxşı müdafiəsinin təmin olunması üçün hüquqi maarifləndirmə və vətəndaş cəmiyyətinin təsirliliyinin artırılmasıdır. Layihənin xüsusi məqsədləri isə Azərbaycan hökümət dairələrinin vətəndaşların hüquqlarının qorunması sahəsində həyata keçirilən islahatların inkişafının aktiv şəkildə dəstəklənməsi və təşviq edilməsi, müştərilərə yardım göstərilməsi və qanunların tətbiqi sahəsində hüquqi peşəkarlığın səviyyəsinin artırılmasından ibarətdir.

Hazırda Azərbaycanda gənc hüquqşünasların hazırlanması əsasən akademik  səviyyədə keçirilir. Belə ki, tələbələrin kifayət qədər praktiki vərdişlərə yiyələnməməsi uğurlu karyeranın başlanmasına təsir edir. Bu məqsədlə Mərkəzdə gənc məzun və hüquqşünas tələbələr üçün intensiv təlimlərin keçirilməsi və müxtəlif mövzuda nəşriyyatların çap olunması nəzərdə tutulur. Kursların nüfuzunu və xidmətlərin yüksək keyfiyyətliliyini  təmin etmək məqsədilə Tədris Mərkəzinə hüquq elmini tədris edən aparıcı mütəxəssislər və praktik hüquqşünaslar cəlb olunur. Bundan başqa, gənc hüquqşünaslara və hüquq tələbələrinə insan hüquqları üzrə biliklərin praktiki baxımdan təkmilləşdirilməsi, vəkillik bacarıqlarının aşılanması, məhkəmə çəkişmələri və məhkəmə çıxışları zamanı peşəkar hüquqşünaslarla müşayiət olunmaları nəzərdə tutulmuşdur. Mərkəz hər il ən azı 20 tələbəyə yüksək keyfiyyətli əsaslarla təlim-tədris kursları keçməyi və 6-7 gənc hüquqşünası Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahanlara hazırlaşdırmağı planlaşdırır.

 Mərkəzin məqsədi aşağıdakılardan ibarətdir:
  • İnsan hüquq və azadlıqları sahəsində biliklərin və məlumatların artırılması, cəmiyyətdə konstitusionalizm dəyərlərinin təbliği;
  • Gənc hüquqşünasların vəkillik üzrə imtahanlara hazırlanması;
  • Az təminatlı əhali qruplarına pulsuz hüquqi yardımların göstərilməsi;
  • İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan təsisatların nümayəndələrinin və üzvlərinin insan hüquqlarının müdafiəsinin milli və beynəlxalq mexanizmlərində istifadə bacarığının artırılması üçün dövrü kursların təşkili;
  • Gənc hüquqşünasların və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Universitetlərin hüquq fakültəsi tələbələri ilə hüquq sahəsində tanınmış milli və beynəlxalq ekspertlərlə görüşlərin təşkili;
  • Vəkillər, praktiki fəaliyyətlə məşğul olan hüquqşünaslar, hakimlər, insan hüquqlarını müdafiə edən təsisatlar və şəxslər üçün praktikumların, manualların, metodiki vəsaitlərin hazırlanması və mütəmadi sərgi təşkil etməklə onların satışının təşkili.

Hüququn ayrı-ayrı sahələrindəki boşluqları nəzərə alaraq yerli və beynəlxalq ekspertlərin dəstəyi əsasında Mərkəzdə İnzibati hüquq, Cinayət hüququ, Qanunvericilik texnologiyası,  Vəkillik imtahanına hazırlıq, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedent Hüququ, Ailə hüququ, Əmək hüququ, Hüquqi yazı və s. mövzularda təlimlər keçiriləcək.


Xəzər Psixoloji Xidmət Mərkəzi

29.02.16 tarixində Xəzər Psixoloji Xidmət Mərkəzinin açılış təqdimatı keçirilmişdir. Təqdimat mərasimində mərkəzin koordinatoru Mələk Kərimova  Xəzər Psixoloji Xidmət Mərkəzinin hansı zərurətdən ortaya çıxdığını və hansı xidmətləri nəzərdə tutduğu barədə ətraflı məlumat verdi. O bu mərkəzin  tələbələrə və kənar şəxslərə psixoloji xidmət və dəstək vermək üzrə Xəzər universitetinin rektorunun əmri əsasında yaradılan struktur  mərkəzlərdən biri olduğunu qeyd etmişdir. Mərkəzin  Universitetin nizamnaməsi və daxili qaydaları əsasında fəaliyyət göstərəcəyini bildirən Mələk Kərimova  mərkəzdə psixoloji seminarlar, kurslar, təlimlər, konfranslar  təşkil ediləcəyini, elmi tədqiqat işləri aparılacağını,  universitetin  tələbələrinə (ödənişsiz) və eləcə də kənar şəxslərə (ödənişli)  psixoloji xidmət  və dəstək xidməti  veriləcəyini qeyd etmişdir. Prof.Dr. Hamlet İsaxanlı da mərkəzin açılışı ilə əlaqədar ürək sözlərini ifadə etmişdir. Təqdimat mərasimində iştirakçılardan gələn suallar cavablandırılmış və struktur bölmələr arasındakı işbirliyi vurgulanmışdır. Xəzər universiteti nəzdində fəaliyyət göstərən Xəzər Psixoloji Xidmət  Mərkəzi (XPXM) 2016-cu ildə yaradılmışdır. Mərkəz Xəzər universitetinin tələbə, müəllim, işçi heyəti ilə yanaşı, respublika səviyyəsində ictimaiyyətə müxtəlif istiqamətlərdə yüksəkkeyfiyyətli xidmətlər təklif edir. PMPM-nin işindən kimlər  yararlana bilər:

  • İstənilən yaş qrupuna aid olan insanlar;
  • Müxtəlif növdə psixoloji problemləri olan şəxslər;
  • Şirkətlər və korporasiyalar (fərdi və ya qrup halında seanslar)

Psixoloji Məsləhət və Psixoterapiya Mərkəzində işləyən mütəxəssislə  Avropa və ABŞ-da təhsil almış peşəkar psixoloqlardır. Bununla yanaşı, tez-tez xarici ölkələrdən dəvət olunmuş peşəkar psixoloqlar, mütəxəssislər bu mərkəzdə psixoloji məsləhət və psixoterapiya seansları keçirirlər. PMPM-ə müraciət edən şəxslərlə bağlı məlumatların tam anonim saxlamasına zəmanət verilir. PMPM-də müxtəlif psixoloji və sosial problemlərlə üzləşən insanlara aşağıdakı istiqamətlərdə yardım göstərilir: 


  • İnsanlarla münasibətdə yaranan problemlər
  • Təhsillə bağlı problemlər
  • Peşə planlaması
  • Cinsi terapiyalar
  • Fiziki və cinsi təcavüz
  • Qəzəbin öhdəsindən gəlmə
  • Stress
  • Depressiya
  • Panika
  • Həyəcan və qorxu (fobiyalar)
  • Məktəb və iş yerində yaranan problemlər
  • Imtahan həyəcanı
  • Sosial fobiya                                                                             
  • IQ testlər
  • Bununla yanaşı mərkəz bir sıra digər işləri də həyata keçirir: 
  • Konfransların təşkili və psixologiyanın müxtəlif sahələrində tədqiqatlar aparmaq;
  • Psixologiya elminə töhfələr vermək
  • Psixologiya ixtisası üzrə təhsil alan tələbələr üçün tədris və təcrübə imkanları yaratmaq