Fənlərin təsviri


Fənnlərin təsviri

AZLL 101: Azərbaycan dili (Universitet tələbləri)(6 kredit)

Prerekvizit: Yoxdur

Bu fənn tələbələri Azərbaycan dilində olan elmi mətnlərin və texniki materialların təhlilinə hazırlayır. Müxtəlif elmi sahələrdən götürülmüş materiallar vasitəsi ilə tələbələrin oxumaq, yazmaq, dərk etmək qabiliyyətləri öyrənilir.

Mədəniyyət, ətraf mühit, adət və ənənələr, tarix, iqtisadiyyat və s. mövzular əhatə olunur.

AZLL 102.  Yazıya giriş

Prerekvizit: AZLL 101.

Yazı qaydası. Materialların yazılması, yenidən baxılması, redaktə olunmasının planlaşdırılması və təşkili. Mətnlərin xülasəsi, təhlili və sintezi. Esse və yaradıcı yazı. Akademik və işgüzar yazışma. Nəsr üsulu.

AZLL 103: Əcnəbilər üçün Azərbaycan dili (6 kredit)

Prerekvizit: Yoxdur

Əsasən, oxu, yazma, dinləmə və danışıq kimi bacarıqların inkişafına diqqət verilir. Bu bacarıqları aşılamaq üçün salamlaşma, tanış olma, təbrik və minnətdarlıq, bəyənmə, müraciətlər, tələblər, üzr istəmək, başsağlığı və s. mövzular tədris olunur.

AZLL 104: Azərbaycan dili-2

Prerekvizit: AZLL 101

Bu kurs Azərbaycan dilində aşağıdakı sahələri əhatə edir. Semantik quruluş, onun mənasının daralması və genişlənməsi, Azərbaycan dilində semantik qruplar. Qrammatika, onun əsas bölmələri və onlar arasında əlaqə, qrammatik kateqoriyalar. Sintaksis, söz birləşməsi və cümlə növləri, mətn dilçiliyi və onun problemləri, şeir sintaksisi, durğu işarələri və onların funksiyaları.

AZLL 105: Azərbaycan ədəbiyyatı (Universitet tələbləri) (6 kredit)

Prerekvizit: AZLL 101

Bu fənn Azərbaycan ədəbiyyatının qədimdən müasir dövrədək bütün tarixi dövrlərini əhatə edir. Görkəmli Azərbaycan şair və yazıçılarının həyat və yaradıcılığı, habelə onların konkret bədii əsərləri araşdırılır. Bu fənn həmçinin, ədəbiyyat tarixi və nəzəriyyəsini, ədəbi tənqidin  əsas məqsəd və vəzifələrini və s. qısa olaraq əhatə edir. Bu kursun əsasını Azərbaycan ədəbiyyatının görkəmli xadimlərinin seçilmiş əsərlərinin öyrənilməsi və müzakirəsi təşkil edir.

AZLL 106: Müasir Azərbaycan dili 1 (6 kredit)

Prerekvizit: Yoxdur

Bu kurs səs sistemi, fonetik fenomen və Azərbaycan ədəbi dilinin qaydalarını əhatə edir. Tələffüz normaları, yazının formalaşması və növü, əlifbanın xüsusiyyətləri, lüğət strukturu və onun zənginliyi, xüsusiyyətləri və inkişaf yolları izah olunur. Azərbaycan dilinin orfoqrafiyası barədə məlumat verilir. Sözlərin xarakterik mənası, xüsusi adların növləri, mənşəyi və Azərbaycan ədəbi dilində istifadəsi işıqlandırılır. Həmçinin lüğət və onun müxtəlif növləri, lüğət tərtibi və ədəbi dildə sözdüzəltmə yolları haqqında da məlumat verilir.

AZLL 107-307: Azərbaycan ədəbiyyatı tarixi 1-5

Bu fənn Azərbaycan ədəbiyyatının yaranması və təkamülünü erkən folklordan başlayaraq indiyə qədər xronoloji qaydada və inkişaf mərhələləri ilə birgə öyrənir. Müxtəlif dövrlərdə yaşamış yazıçı və şairlərin həyat və yaradıcılığı öyrədilir, onların ədəbi fəaliyyəti tədqiq edilir, onların toxunduqları milli və ümumbəşəri məsələlər  təhlil edilir, digər yazıçı və şairlərin bir-birinə ədəbi təsiri müəyyən edilir və onların yaradıcılıq fəaliyyəti yaşadıqları tarixi dövrə uyğun sistemləşdirilir. Bu kurs 5 hissəyə bölünür. Hər bir hissə 1 semester davam edir  və hər hissə 6 kreditdən ibarətdir. Həmin hissələr aşağıdakılardır.

AZLL 107: Azərbaycan ədəbiyyatı tarixi 1:

Azərbaycan folkloru

Prerekvizit: Yoxdur.

AZLL 109: Azərbaycan ədəbiyyatı tarixi 2:

Qədim və Orta əsrlər ədəbiyyatı tarixi

Prerekvizit: AZLL 107

AZLL 207: Azərbaycan ədəbiyyatı tarixi 3:

17-ci əsrdən 19-cu əsrin ortalarınadək Azərbaycan ədəbiyyatı

Prerekvizit: AZLL 109.

AZLL 208 Azərbaycan ədəbiyyatı tarixi 4:

19-cu əsrin ortalarından 20-ci əsrin əvvəllərinədək Azərbaycan ədəbiyyatı

Prerekvizit: AZLL 207

AZLL 307: Azərbaycan ədəbiyyatı tarixi 5:

20-ci əsr Azərbaycan ədəbiyyatı

Prerekvizit: AZLL 208

 

AZLL 108: Müasir Azərbaycan dili 2 – Morfologiya (6 kredit)

Prerekvizit: AZLL 106

Morfologiya ilə bağlı bütün mühüm praktiki məsələlər bu fənndə əhatə olunur.

Bu kurikulum müasir Azərbaycan dilinin qrammatik sistemini, özünəməxsusluğunu və digər xüsusiyyətlərini təhlil edir. Sözlər onların mənası, forması, funksiyası və dəyişilmə qaydalarına görə qruplaşdırılır.

AZLL 205: Azərbaycan ədəbiyyatı-2 (6 kredit)

Prerekvizit: AZLL 105

Bu fənnin məqsədi Müasir Azərbaycan ədəbiyyatı üzrə geniş bilik verməkdir. Bu fənn son dövrlər Azərbaycan ədəbiyyatını, jurnalistika janrlarının inkişafını, ədəbiyyatda yeni forma və məzmunu araşdırır. Bu fənnin tədrisinə həmçinin müasir ədəbi əsərlərin oxudulması və təhlili daxildir.

AZLL 206: Müasir Azərbaycan dili 3 - Sintaksis (6 kredit)

Prerekvizit: AZLL 108

Bu fənndə söz birləşmələri, sintaktik əlaqələr, cümlələr və onların struktur növləri, durğu işarələri və onların düzgün istifadəsi tədris edilir.

AZLL 306 Azərbaycan ədəbi dili tarixi (6 kredit)

Prerekvizit: AZLL 206

Bu fənn başlıca olaraq Azərbaycan dili tarixinin mənbələrini və onun mənşəyini, ədəbi dilin inkişafını və bu inkişaf dövründən indiyədək qalan problemləri, müxtəlif dövrlərdə tarixi və mədəni şəraiti araşdırır. Azərbaycan ədəbi dilinin inkişaf tarixi ilə bağlı görkəmli şəxsiyyətlərin rolu xronoloji ardıcıllıqla verilir. 

AZLL 416: Ədəbiyyat nəzəriyyəsi (6 kredit)

Prerekvizit: müəllimin razılığı

Bir elm sahəsi kimi ədəbiyyatşünaslığın əsasları üç hissədən ibarətdir: Ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi və ədəbi tənqid. Bu dərs əsasən ədəbiyyat nəzəriyyəsi məsələlərini əhatə edir. Real həyat hadisələrini əks etdirən ədəbi əsərlərin xüsusiyyətləri, eləcə də ədəbi əsərlərin sosial əhəmiyyəti və rolu tədqiq edilir. Bu fənn həmçinin ədəbi yaradıcılıq prinsipləri, inkişaf qanunları, məzmun və forma vəhdəti, müxtəlif növləri və janrları, ədəbi əsərlərin strukturları, üslub və metodları və s. kimi mövzuları əhatə edir.

AZLL 417: Şərq dillərinin Azərbaycan Ədəbiyyatına təsiri (8 kredit)

Prerekvizit: müəllimin razılığı

Məlumdur ki, Azərbaycan ədəbiyyatının müəyyən hissəsi ərəb və fars dillərində yaradılmış, ədəbiyyatımızın uzun bir dövrü ərəb-fars dilinin təsiri altında formalaşmışdır. Bu kursun əsas məqsədi ədəbi əsərlərin və ədəbiyyatın formalaşmasına ərəb və fars dillərinin mərhələlər üzrə təsirini öyrənməkdir.

AZLL 512: Azərbaycan dialektologiyası (6 kredit)

Prerekvizit: müəllimin razılığı

Dialekt və şivələr dilçiliyin bu bölməsində öyrənilir. Dialekt və şivələrin fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətləri izah olunur. Coğrafi ərazi prinsipləri əsasında Azərbaycanın dialekt və şivələrinin geniş təsnifatı verilir, həmçinin dialektologiyanın nəzəri məsələləri də araşdırılır.

AZLL 513: Onomastika (6 kredit)

Prerekvizit: müəllimin razılığı

Dildə xüsusi adların növləri, onların mənşəyi və istifadəsi öyrənilir. Onomastik vahidlərin elmi təsnifatı və təsviri barədə məlumat verilir.

AZLL 514: Mətnşünaslıq (6 kredit)

Prerekvizit: müəllimin razılığı

Bir elm kimi mətnşünaslığın tarixi köklərinin və inkişaf yollarının kompleks tədqiqi, həmçinin müasir mətnşünaslıq, onun metod və prinsipləri öyrənilir. Bu kursda həmçinin Azərbaycan mətnşünaslığının yaranması və inkişafı, orta əsrlərə aid Azərbaycanın əlyazma kitabları, əlyazma mətnlərinin elmi təhlili, mətnlərin mənşəyinin tədqiqi, mətnin müəllifinin müəyyən edilməsi, mətn tərcümələrinin tədqiqi, mətnlərin nəşrlər üçün hazırlanması, əsərlərin elmi-tənqidi mətnlərinin hazırlanmsı və s. kimi məsələlər əhatə olunur.

AZLL 515 Azərbaycan dilinin tarixi qrammatikası (6 kredit)

Prerekvizit: müəllimin razılığı

Tarixi qrammatika, nitq hissələrinin inkişaf prosesləri haqqında ümumi məlumat verir. Kursda Azərbaycan dilinin fonetika və morfologiya tarixi araşdırılır, dilin mənşəyi və onun morfoloji xüsusiyyətlərinin tarixi inkişafı təhlil edilir, müasir dilin yaranması izah olunur.

LİNG 215: Dilçiliyə giriş (6 kredit)

Prerekvizit: müəllimin razılığı

Dillərin və dil ailələrinin tarixi keçmişi, formalaşması, ümumi xüsusiyyətləri və müxtəlifliyini öyrənir. Linqvistik təhlilin, o cümlədən regional və sosial dialektlərin qiymətləndirilməsi və dəyişməsinin metodlarına və üsullarına əsas diqqət verilir. Tarixi və nəzəri cəhətdən dilçilikdə qiymətləndirilmə modellərinin inkişafından da bəhs edilir.

LİNG 216: Dilçiliyin əsasları (6 kredit)

Prerekvizit: müəllimin razılığı

Dilçiliyin tədqiqinin ümumi problemlərini araşdırır, dilçiliyin yaranması və  inkişafı, dünya dilləri və onların təsnifatları, dil və yazı arasında əlaqələri, yazının mənşəyi, onun xüsusiyyətləri və inkişaf dövrlərini əhatə edir. 

LING 310: Fonologiya (6 kredit)

Prerekvizit: LING 216

Danışıq səsləri və fonetik hadisələr (tonun hündürlüyü, uzunluğu və gücü), sözlərin məna fərqləndirici ünsürü (fonem), morfemlər və dilin fonem sistemi və onların funksional xüsusiyyətlərindən bəhs edir. 

LING 420: Dünya dilləri (6 kredit)

Prerekvizit: LING 215

Kursda dünyadakı dil ailələri, dillərin genetik və tipoloji təsnifi, dillər arasında tarixi münasibətlər araşdırılır. 

LING 421: Sosiolinqvistika (6 kredit)

Prerekvizit: LING 215

Kursda dillərin müxtəlifliyinin, dildə baş verən dəyişikliyin sosial amilləri, linqvistik davranış və sosial nəzarət məsələləri araşdırılır, dilçiliyin tədqiqat metodları öyrənilir. 

LİNG 422: Linqvistik təhlil (8 kredit)

Prerekvizit: LING 215

Müxtəlif dillərin fonoloji, morfoloji və sintaktik məlumatların təhlil üsullarını, aşkara çıxarılan, təsdiq edilən və əsaslandırılan ümumiləşdirmələri, müxtəlif dillərin müqayisəsini öyrədir. 

Ling 423: Dilçilik tarixi (6 kredit)

Prerekvizit: LING 215

Bu kursda dilçilik elminin tarixi, dilin mənşəyi və inkişafının tarixi öyrədilir, dilin inkişafına dair  müxtəlif nəzəriyyələrdən bəhs edilir.

LIT 201:  Dünya Uşaq ədəbiyyatı (6 kredit)

Prerekvizit: AZLL 105

Kursda Dünya Uşaq ədəbiyyatının görkəmli yaradıcıları, onların əsərləri barədə məlumat verilir, təhlillər aparılır, uşaq ədəbiyyatının tədrisi üçün bilik və bacarıqlarla təmin edilir.

LIT 305-405: Dünya ədəbiyyatı 1-3

Bu fənn qədim zamanlardan başlayaraq dünyanın müxtəlif ölkələrində yaradılmış ədəbiyyat nümunələrinin öyrənilməsini əhatə edir. Dünya ədəbiyyatının aparıcı xadimlərinin həyat və fəaliyyəti  və ən məşhur ədəbi əsərləri xronoloji qaydada öyrənilir. Fənn üç bölmədən ibarətdir. Hər bir bölmə 1 semestr davam edir və 6 kreditdən ibarətdir:

LIT 305: Dünya ədəbiyyatı 1: Qədim və Orta əsrlər Şərq ədəbiyyatı; Antik ədəbiyyatı tarixi

 Prerekvizit: müəllimin razılığı

LIT 308: Dünya ədəbiyyatı 2: 13-18-ci əsrlərdə Avropa ədəbiyyatı

Prerekvizit: LIT 305

LIT 405 Dünya Ədəbiyyatı 3:  19-20-ci əsrlərdə Avropa, Amerika və Rus ədəbiyyatı

Prerekvizit: LIT 308

LIT 505: Müasir ədəbi proses (6 kredit)

Prerekvizit: müəllimin razılığı

Bu fənnin əsas məqsədi son illərin ədəbi əsərlərinin təhlili əsasında ədəbiyyatın inkişaf tendensiyalarını anlatmaqdır. Bu kurs ənənə və müasirlik, yaşlı və yeni ədəbi qüvvələr arasında  ədəbi münasibətlər, janrlar üzrə konkret nümunələrin təhlili ilə müasir ədəbi prosesin mövzu, məzmun, üslub, janr və sənətkarlıq xüsusiyyətləri kimi məsələləri əhatə edir. Həmçinin dünya ədəbiyyatının Azərbaycan ədəbiyyatına təsiri, Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatına inteqrasiyası məsələləri də kursun həcminə daxildir.

LIT 507: Ədəbi tənqid (tarixi və nəzəriyyəsi) (6 kredit)

Prerekvizit: müəllimin razılığı

Kursda ədəbi tənqidin rolu, əhəmiyyəti, tarixi, nəzəri qaydaları öyrədilir. Bu fənn estetikanın tələbləri əsasında ədəbiyyatın əhəmiyyətini öyrənir, sosial həyat və ədəbiyyat arasında harmoniyanı qiymətləndirir və ədəbi əsərləri cəmiyyətin maraqları və tələbləri baxımından təhlil edir. Ədəbi tənqid ədəbi əsərlərin keyfiyyətinin artırılmasına və ədəbiyyatı qiymətləndirməyə, həmçinin oxucuların ədəbi əsərləri düzgün anlamasına və bədii zövqlərinin formalaşmasına yardımçı olur.