Xəbər və Elan

05 Mart 2018

İqtisadiyyat və menecment fakültəsində dokturantura tələbələrinin növbəti elmi seminarı təşkil olundu

 2018-ci il martın 5-də Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsində dokturantura tələbələrinin növbəti elmi seminarı baş tutdu. Seminarın təşkil olunmasının başlıca məqsədi Ph.D. tələbələrinin apardıqları tədqiqatların nəticələrini və tədqiqatçıların təkliflərini universitet əməkdaşları ilə bölüşmək və nəticələri müzakirə etmək idi. Tədbirdə fakültənin dokturantları tərəfindən “Səhiyyə müəssisələrində insan resurslarının idarə edilməsi mexanizminin təkmilləşdirilməsi”, “Xəzər regionu ölkələrinin Aİ qaz təchizatı təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi” və “İqtisadi inkişaf və əməkdaşlıq perspektivləri: Xəzər regionu ölkələri” mövzularında təqdimatlar oldu.

Faktültə əməkdaşları Ph.D. tələbələrinin işlərinə rəylərini bildirməklə yanaşı, onlara tədqiqatlarında sistemli və ardıcıl irəliləyişlər əldə etmələri üçün motivasiya verdilər.

   
   
   


02 Mart 2018

İqtisadiyyat və menecment fakültəsi elmi seminar (doktorluq) keçirəcək

2018-ci il martın 5-i saat 15:30-da Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsi elmi seminar (doktorluq) keçirəcək. Seminar universitetin köhnə binasında (otaq 314) baş tutacaq. Seminarın məqsədi fakültənin doktorantura tələbələrini bir araya gətirmək, aparmış olduqları elmi-tətqiqat işləri ilə əlaqəli həmkarları və universitetin akademik əməkdaşları ilə birgə müzakirə imkanı yaratmaq, bilik və təcrübə mübadiləsi aparmaqdır. 

Maraqlanan hər kəs seminarda iştirak edə bilər.





19 Dekabr 2017

"Azərbaycanda iqtisadi islahatlar" mövzusunda mühazirə təşkil edildi

2017-ci il dekabr 19-da Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşəbbüsü ilə universitetin “Mərmər” zalında “Azərbaycanda iqtisadi islahatlar” mövzusunda ictimai mühazirə təşkil edildi. İctimai mühazirənin məqsədi Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar barədə akademik dairələri məlumatlandırmaq idi.

Tədbirin açılışını İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov etdi. O, Azərbaycanda qeyri-neft sektorunun və ixracın şaxələnməsində, insan kapitalının inkişafında strateji yol xəritələrinin böyük rolu olduğunu və ölkədə aparılan islahat prosesi barədə gənclərin maariflənməsinin vacibliyini vurğuladı.

Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs iştirakçıları salamladı və davamlı iqtisadi inkişafa qeyri-neft sektorunun töhfəsindən danışdı.

Xəzər Universitetinin Akademik işlər üzrə prorektoru professor Məhəmməd Nuriyev isə strateji yol xəritələrinin qəbul edilməsinin və islahat prosesinə zamanında start verilməsinin Azərbaycanın dünyada cərəyan edən böhran vəziyyətindən sabit çıxmasına səbəb olmasını və islahat prosesində bilik və insan kapitalına xüsusi diqqətin yönəlməsini nəzərə çatdırdı.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Dr. Vüsal Qasımlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-ci il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı ilə təsdiqlənən strateji yol xəritələri barədə professor-müəllim heyəti və tələbələrlə fikir mübadiləsi apardı.

Tədbir ictimai mediada da işıqlandırılmışdır:

https://azertag.az/xeber/Vusal_Qasimli_Azerbaycanda_2017_ci_il_sabitlesme_2018_ci_il_ise-iqtisadi_inkisaf_ili_kimi_tarixe_dusecek-1122236/.


 


















08 Dekabr 2017

İqtisadiyyat və menecment fakültəsinin əməkdaşının məqaləsi Scopus indeksli jurnalda

Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin dekan müavini Dr. Şəhriyar Muxtarovun “The Relationship between Energy Consumption and Economic Growth: Evidence from Azerbaijan” adlı məqaləsi “International Journal of Energy Economics and Policy” jurnalının 2017-ci il 6-ci sayı, 7-ci buraxılışında çap edilmişdir. Sözü gedən jurnal SCOPUS kimi nüfuzlu məlumat bazalarında indekslənir.Məqalədə Azərbaycanda enerji istehlakı və iqtisadi artım arasındakı əlaqə VAR modeli çərçivəsində Toda-Yamamoto səbəbiyyət testi vasitəsilə qiymətləndirilmişdir. Məqalə nəticələri dəyişənlər arasında ikitərəfli səbəbiyyət əlaqəsinin olduğunu ortaya çıxarmışdır.

Məqaləni bu link vasitəsilə oxumaq olar: 

http://www.econjournals.com/index.php/ijeep/article/view/5644



01 Dekabr 2017

“Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq” mövzusunda təlim

2017-ci il dekabrın 1-də Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsi Maliyyə Bazarlarında Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzi ilə birlikdə fakütlənin tələbələri üçün “Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq” mövzusunda təlim keçirdi. 

Təlimdə kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növləri və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat ilə çıxış edən mütəxəssislər seminarda iştirak edən tələbələrin çoxsaylı suallarını cavablandırdılar. İnteraktivlik və diskussiyalarla zəngin olan tədbirin ən aktiv iştirakçıları Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sertifikatlarla təltif edildilər.