Elmi-İnzibati Şuranın iclası

 

  6 iyul, 2010

İyulun 6-da  Xəzər Universitəsinin rektoru professor Hamlet İsaxanlının sədrliyi ilə universitə Elmi-İnzibati Şurasının növbəti iclası oldu. İclasda  

tədris ilinin yekunları və yeni tədris ilinə hazırlıq;

məzunlar haqqında;

idarəetmə və akademik vəzifələr  haqqında qaydalar;

qrantlar haqqında;

 Kitabxana və İnformasiya Mərkəzinin nizamnaməsi;

cari məsələlər müzakirə olundu.

Tədris ilinin yekunları və yeni tədris ilinə hazırlıq haqqında  professor Hamlet İsaxanlı məlumat verərək bildirdi ki,  görülmüş  müsbət  işlər, qazanılmış uğurlarla yanaşı çatışmazlıqlar da mövcud olmuşdur. Rektor gələn tədris ilində həmin çatışmazlıqların aradan qaldırılması zərurətindən və yollarından danışdı.

Məzunlar haqqında  fakültə dekanları məlumat verərək bildirdilər ki, Neft mühəndisliyi və tətbiqi elmlər fakültəsindən 7, İqtisadiyyat  və menecment fakültəsindən 7,  Humanitar və sosial elmlər fakültəsindən 8 , Təhsil fakültəsindən 5 nəfər tələbə təhsili başa vuraraq, diplom alacaqlar.

İdarəetmə və akademik vəzifələr haqqında qaydalar qrantlar haqqında universitənin birinci prorektoru  professor Məhəmməd Nuriyev məlumat verərək bildirdi ki, qaydalar  dekanlarla bir neçə dəfə müzakirə olunmuş, təhsil sahəsində ən optimal qaydaların son variantı əsas götürülərək hazırlanmışdır. Qrantlarla bağlı bildirdi ki, bəzi əməkdaşlar bu məsələdə özfəaliyyətə yol verdiklərinə görə müvafiq əsasnamə hazırlanmış, onun təsdiq olunması və həyata keçirilməsinə   ehtiyac vardır.

Kitabxana və İnformasiya Mərkəzinin nizamnaməsi ilə əlaqədar mərkəzin müdiri Tatyana Zaytseva çıxış edərək bildirdi ki, nizamnamə hazırdır və  təsdiq olunmaq üçün  şuranın müzakirəsinə verilir.

Elmi-İnzibati Şura müzakirə olunan məsələlər haqqında müvafiq qərarlar qəbul etdi.

Cari məsələlərin müzakirəsindən sonra sədrlik edən Hamlet İsaxanlının yekun sözü ilə Elmi-İnzibati Şuranın növbəti iclası başa çatdı.